Ağcabədi rayon Mərkəzi kitabxanası

Ağcabədi rayon MKS
Xəbərlər
19 May , 2019

Bu əlamətdar gün Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunub. Beynəlxalq Muzeylər Günü hər il ölkəmizdə də Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif tədbirlərlə qeyd olunur.

Bu münasibətlə mayın 18-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qobustan Milli Tarix-Bədii Qoruğu, Azərbaycan Milli İncəsənət Muzeyi və Qara Qarayevin Ev-muzeyinə media-tur təşkil olundu. Media-turda ölkəmizin 40-a yaxın kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdi. Tədbirin təşkil olunmasının əsas məqsədi muzeylərə, mədəniyyət ocaqlarına ictimaiyyətin diqqətini artırmaq, xalqımızın mədəni sərvətlərinin daha geniş təbliğ olunmasından ibarətdir.

 

Media-turun ilk dayanacağı Qobustan Milli Tarix-Bədii Qoruğu oldu.

Tədbir iştirakçıları qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxdılar. Məlumat verildi ki, Qobustan Dövlət Tarix-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə Daş dövründən Son Orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi-mədəniyyət nümunələri var. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.

Qeyd olunub ki, Qobustan Milli Tarixi-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyevin Sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib.

Diqqətə çatdırılıb ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.

 

Turun növbəti istiqaməti Qara Qarayevin ev-muzeyi oldu. Dahi bəstəkarın yaşadığı mənzillə tanış olan mətbuat nümayəndələrinə muzey haqqında ətraflı məlumat verildi. Bildirildi ki, muzey ötən il istifadəyə verilib. Burada böyük bəstəkar sənətə doğru uzanan yolda ilk addımlarını atıb. Dahi bəstəkar gənclik, tələbəlik illərini bu evdə yaşayıb, ilk əsərlərini də burada yaradıb. Onun məşhur “Yeddi gözəl” baleti də bu evdə qələmə alınıb.

Qara Qarayevin gənclik illərini keçirdiyi bu yaradıcılıq ocağı müqəddəs bir məkan kimi ölkəmizin musiqi sevərlərinin ziyarət etdiyi əsas yerlərdən birinə çevrilib.

 

Turun son dayanacağı Azərbaycan Milli İncəsənət Muzeyi oldu. Muzeylə tanış olan media nümayəndələrinə mədəniyyət ocağı haqqında geniş məlumat verildi.

Qeyd olundu ki, ötən ilin sonlarında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun açılışı olub. Bu korpusda da aparılmış təmir, bərpa və bədii tərtibat işlərindən sonra muzey eksponatları ziyarətçilərin üzünə açılıb.

Muzey son illər ərzində bərpa və inşa edilən ən müasir avadanlıqlarla təchiz edilmiş ekspozisiyaya malikdir.

Muzey silsilə şəklində iki qədim memarlıq abidəsini birləşdirən müasir korpusdan ibarətdir. Hazırda muzeyin ekspozisiyasında dünya təsviri və tətbiqi sənətinin bütün növlərini dolğun şəkildə əks etdirən Qərbi Avropa, rus, islam, Şərq ölkələri incəsənətinin çeşidli örnəklərini görmək mümkündü