Ağcabədi rayon Mərkəzi kitabxanası

Ağcabədi rayon MKS
Rayon haqqında
7 Fevral , 2015

 Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, Heydər Əliyev meydanı tamamilə yenidən qurulmuşdur. Burada abadlıq işləri aparılmış, 6,7 min kvadratmetr əraziyə dekorativ plitələr döşənmiş, qarşı hissədəki hasar milli memarlıq üslubunda tikilmişdir. İşıqlandırma sistemi də müasir standartlara uyğun yenidən qurulmuşdur.

                     29 avqust 2013- cü il tarixdə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası

                     Ağcabədi rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir. 

          Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

                                        

 Bina ilə tanışlıq zamanı məlumat verildi ki, tikinti işlərinə 2012-ci ilin iyununda başlanılmış və bu ilin avqustunda başa çatdırılmışdır. Binada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin ictimai-siyasi həyatı, o cümlədən Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı gördükləri işləri əks etdirən fotoguşələr yaradılmışdır. Prezident İlham Əliyev otaqlarda yaradılan şəraitlə tanış oldu.

                                                   

İnzibati bina ümumilikdə on otaq, konfrans və iclas salonlarından ibarətdir. Bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait vardır. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi də xüsusi diqqətdə saxlanılmışdır. Bütün otaqlar lazımi avadanlıqla təchiz edilmişdir. Binanın ikinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Buradakı 70 nəfərlik akt zalında respublika və rayon əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, burada kiçik iclas zalı da yaradılmışdır.Dövlətimizin başçısına məlumat verildi ki, partiyanın rayon təşkilatının 9,2 min üzvü vardır. Təşkilatın sıraları əsasən gənclərin hesabına ildən-ilə artır. Onlar hazırda partiya üzvlərinin 42 faizini təşkil edirlər. Qadınların sayı isə 43 faizdir.Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

 29 avqust 2013- cü il tarixdə Prezident İlham Əliyev 
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak etmişdir

Dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri və tibb işçiləri ilə görüşdü.

                            n                  

 

Prezident İlham Əliyev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi.Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, dövlətimizin başçısının 2010-cu il 30 mart tarixli Sərəncamına əsasən 205 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasının tikintisi üçün Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 5 milyon manat vəsait ayrılmışdır. Tibb ocağının tikintisinə 2011-ci ilin mayında başlanılmış, bu ilin avqustunda başa çatdırılmışdır. Ümumi ərazisi 3,9 hektar olan xəstəxana beş korpusdan və bir yoluxucu xəstəliklər bölməsindən ibarətdir.

                 

Yeni səhiyyə müəssisəsində əməliyyat boksu, cərrahiyyə və reanimasiya, doğum, ginekologiya, observasiya, otolarinqologiya, kardioloji, terapiya, uşaq qəbulu, uşaq terapiya, hemodializ, şüa-diaqnostika şöbələri, poliklinika və uşaq poliklinikası, konfrans zalı, laboratoriya, camaşırxana, digər yardımçı sahələr fəaliyyət göstərəcəkdir.

                 

Xəstəxananın müasir şəraitlə təmin edilməsi ilk növbədə burada tibbi müayinələrin və müalicə işinin ən yüksək səviyyədə təşkilinə və aparılmasına hərtərəfli imkan verir. Bina bütün növ kommunikasiyalarla təchiz edilmişdir. Tibb ocağının ərazisində 19 min kvadratmetr sahəyə asfalt döşənmiş, 11 min kvadratmetr yaşıllıq zolağı salınmışdır.

29 avqust 2013- cü il tarixdə  Prezident İlham Əliyev 
Ağcabədidə Gənclər Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

                                                       

 

Azərbaycan Prezidentinə məlumat verildi ki, binanın tikintisinə ötən ilin iyulunda başlanılmış, bu ilin avqustunda başa çatdırılmışdır. Şəhərin ən gözəl binalarından olan Gənclər Mərkəzinin ümumi sahəsi üç min kvadratmetrdir.Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai- siyasi fəaliyyətinin müxtəlif məqamlarını, həmçinin gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr vardır. Mərkəzin yaradılmasında əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması və bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır. Bunun üçün ayrıca internet otağı vardır. Bütün kompyuterlər internetə qoşulmuşdur. Gənclər Mərkəzində kompyuter bilikləri və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır. Burada, həmçinin iclas və akt zalları, atıcılıq otağı, 3D kinozalı, linqafon otağı, elektron kitabxana və digər yardımçı otaqlar vardır. Müasir avadanlığın quraşdırıldığı atıcılıq salonunda gənclərin bu sahədə ibtidai hazırlıq keçmələrində və onların interaktiv, pnevmatik avtomatdan atəşaçma bacarıqlarının yüksəldilməsi üçün məqsədyönlü işlər aparılacaqdır. Bu mərtəbədə fəaliyyət göstərən disko-barda ən müasir akustika sistemi quraşdırılmışdır.

           

 Binanın birinci mərtəbəsində oyun zalı yaradılmışdır. Burada müxtəlif növ oyun aparatları, dördcərgəli boulinq zalı, balacalar üçün “Labirint” oyun guşəsi fəaliyyət göstərəcəkdir. İkinci mərtəbədə gənclər kafesi yaradılmışdır.Bildirildi ki, elektron kitabxananın fondunda ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi fəaliyyətinə həsr edilən, eləcə də uşaqlar üçün və digər sahələrə dair kitablar toplanmışdır. Bir sözlə, mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində, onların ictimai fəallığının yüksəldilməsində mühüm rol oynayacaqdır. Prezident İlham Əliyev Gənclər Mərkəzi ilə tanışlıqdan sonra tapşırıq və tövsiyələrini verdi.   

29 avqust 2013- cü il tarixdə Prezident İlham Əliyev 
Ağcabədidə “Aqat–aqro” heyvandarlıq kompleksinin açılışında iştirak etmişdir.

Məlumat verildi ki, “Aqat-aqro” heyvandarlıq kompleksi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsinin bəhrəsidir. Ağcabədi rayonunun    Ağabəyli kəndində yaradılan kompleksin ümumi sahəsi 50 hektardır.

                                                  

Kompleks üç min başlıq iribuynuzlu heyvandarlıq və iki min başlıq keçi təsərrüfatından ibarətdir. Ümumi dəyəri 21 milyon manat olan iribuynuzlu heyvandarlıq kompleksinin yaradılmasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 7,5 milyon manat, dəyəri 5 milyon manat olan keçi təsərrüfatının yaradılmasına isə 3,5 milyon manat güzəştli kredit verilmişdir. İribuynuzlu heyvandarlıq kompleksi müasir ferma avadanlığı – avtomatik yönləndirmə və yemləmə sistemləri, birdəfəyə 40 baş inəyin sağılmasına imkan verən karusel tipli avadanlıq, soyutma sistemləri və s. ilə təchiz edilmişdir. 

 

Prezident İlham Əliyev inəklərin sağım prosesini izlədi.Qeyd olundu ki, kompleksə hər biri gündəlik 25 litrdən çox südvermə qabiliyyətinə malik 1500 baş “Holstein Friesian” cinsindən olan inəklər gətirilmişdir. İndi heyvanların sayı 2600 başa çatdırılmışdır. Payız aylarında əlavə 600 baş cins damazlıq heyvanın gətirilməsi nəzərdə tutulmuşdur. Bir neçə ildən sonra heyvanların baş sayı 10 minə çatdırılacaqdır.Kompleksdə illik 22,8 min ton süd istehsalı nəzərdə tutulur ki, bu da illik emal gücü 90 min ton olan “Atena” süd emalı zavodunun xammala tələbatının təmin edilməsinə imkan verəcəkdir.Müəssisənin hazır məhsullarına baxan Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, gələcəkdə “Atena” zavodu Fransanın “Danone” şirkəti ilə birgə süd məhsulları istehsal edəcəkdir. Həmin məhsulların xarici ölkələrə ixracı da nəzərdə tutulur.

Elektromobillə müəssisənin ərazisini gəzən dövlətimizin başçısına keçi təsərrüfatı barədə də məlumat verildi. Bildirildi ki, 8 ferma, sağım və yem sexindən ibarət olacaq 2 min başlıq cins damazlıq keçi təsərrüfatında artıq 6 ferma istifadəyə verilmişdir.Hollandiyadan məhsuldarlığı və südünün keyfiyyətinə görə ən yüksək göstəricilərə malik “SAANEN” cinsindən olan 1000 baş keçi alınmış və yaxın günlərdə təsərrüfata gətiriləcəkdir. İlin sonunadək əlavə 2 min baş cins damazlıq keçi də alınacaqdır. Yerli iqlimə asanlıqla uyğunlaşan, diri çəkisi 50-55 kiloqram, südünün yağlılığı 3-3,5 faiz və südvermə dövrü 300 gün olan bu keçilərdən gündəlik 3-4 litr süd sağılır. Tərkibinə görə ana südünə ən yaxın olan keçi südü kalsium, maqnezium, vitaminlər və digər minerallarla zəngindir. Allergiya riski olmaması, qastrit, mədə-bağırsaq xəstəliklərinə qarşı müalicəvi effekti olması keçi südünün əsas üstünlüklərindən sayılır.

                                                          

 

Qeyd edildi ki, heyvandarlıq kompleksində 95 nəfər daimi iş yeri ilə təmin olunmuşdur. Keçi təsərrüfatında isə 60 nəfər daimi işçi çalışacaqdır. Təsərrüfat tam istifadəyə verildikdən sonra isə işçilərin sayının 100-dək artırılacağı nəzərdə tutulur.Bildirildi ki, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına Ağcabədi rayonu üzrə 534 sahibkara 28,8 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 2010 yeni iş yerinin yaradılacağı nəzərdə tutulur.Azərbaycan Prezidentinə Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılan özəl pilot taxılçılıq təsərrüfatının əvvəlki və hazırkı vəziyyətini əks etdirən stendlər də təqdim olundu. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verdi ki, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq Ağcabədi və Beyləqan rayonlarında 4,8 min hektar qış otlaq sahələrində özəl pilot taxılçılıq təsərrüfatı yaradılmışdır. Təsərrüfatda dövlət investisiyaları hesabına su və enerji təminatı yaratmaq məqsədilə 10,7 kilometr Yuxarı Mil kanalı, 10 kilometr yüksəkgərginlikli elektrik xətləri çəkilmiş, ərazi boşaldılaraq sahibkara 49 il müddətinə müsabiqə yolu ilə icarəyə verilmişdir. Həyata keçirilən layihənin ümumi dəyəri 27,6 milyon manatdır. Bunun 17,6 milyon manatı sahibkarın vəsaiti, 10 milyon manat isə dövlətin güzəştli krediti təşkil edir. Təsərrüfatda ABŞ-ın “John Deere” şirkətinin müasir texnika və aqreqatları, kombaynları ilə təchiz olunan özəl “Aqroservis” yaradılmışdır və 30 min tonluq taxıl anbarının tikintisi başa çatmaq üzrədir. Layihə çərçivəsində 1000 başlıq müasir heyvandarlıq kompleksi və bitki yağları zavodu tikiləcəkdir. Ərazidə ABŞ-in “Lindsay” şirkətinin istehsalı olan 47 süni yağışyağdırma sistemləri - pivot quraşdırılmışdır. Bu da orta məhsuldarlığın 2 dəfə artmasına, suvarma suyuna 2-3 dəfə qənaət edilməsinə, torpağın şoranlaşması və eroziyaya uğramasının qarşısının alınmasına və münbitliyinin artırılmasına şərait yaradır. Yüksək reproduksiyalı toxumlardan və yeni intensiv əkin metodlarından istifadə etməklə 1875 hektarda əkilmiş buğda sahələrində biçin başa çatmış və yüksək məhsuldarlıq – hər hektardan 55 sentnerədək məhsul əldə olunmuşdur.

          

Bundan başqa, 2000 hektar sahədə yazlıq qarğıdalı, sınaq məqsədilə isə 20 hektar günəbaxan və 5,3 hektar soya əkilmişdir. Ərazidə payızlıq səpinə hazırlıq işlərinə başlanılmışdır. Növbəti mərhələlərdə bütövlükdə taxılçılıq təsərrüfatı üçün ayrılan 4,8 min hektar sahə əkin dövriyyəsinə cəlb ediləcəkdir. Layihənin həyata keçirilməsi nəticəsində 400-dək yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Hazırda 150-dək yerli sakin, o cümlədən ətraf ərazilərdə məskunlaşmış məcburi köçkün daimi iş yeri ilə təmin olunmuşdur.

Mayın 6-da Prezident İlham Əliyev Ağcabədi  rayonunda səfərdə olub.

 Dövlət başçısı  xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağcabədi şəhərinin
mərkəzində ucaldılan abidəsini ziyarət edib.

Dövlət Başçısı Heydər Əliyev adına mədəniyyət və istirahət parkına gəlib. 

            

Ölkəmizdə aparılan abadlıq quruculuq işləri əhalinin istirahətinin də təşkilinə öz töhfəsini verir. Azərbaycanda gedən inkişaf prosesləri ilk növbədə xalqımızın həyat tərzinin yaxşılaşdırılmasına, ölkəmizin müsbət imicinin daha da gücləndirilməsinə xidmət edir. Bu baxımdan sürətlə inkişaf edən Azərbaycanda bu cür sosial infrastruktur obyektlərinin tikilib istifadəyə verilməsi mühüm əhəmiyyət daşıyır. Bu gün nəinki paytaxt Bakıda, eləcə də regionlarda gözəl parklar salınır. Ağcabədi şəhərində 2000-ci ildə istifadəyə verilən Heydər Əliyev adına parkın ümumi sahəsi 4 hektardır. Prezident İlham Əliyevə məlumat verilib ki, bu park 2008-ci ildə yenidən qurulduqda burada ulu öndərin büstü ucaldılıb. Büstün arxa hissəsində qranitdən Azərbaycanın xəritəsi işlənib. Əhalinin ən sevimli istirahət məkanlarından biri olan parkda həm uşaqlar, həm də böyüklərin dincəlməsi üçün hər cür şərait yaradılıb. Parkın ərazisində müxtəlif əyləncə qurğuları quraşdırılıb. Bu istirahət məkanında çay evi də sakinlərin ixtiyarına verilir. Parkda mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün səhnə quraşdırılıb. Milli ornamentlərdən geniş istifadə olunan park xüsusi memarlıq üslubunda yenidən qurulub. Giriş qapısı, park ətrafı yollar, həmçinin mərkəzi yollar, mərkəzi meydan, meydanda qurulan 2 fəvvarə və müasir işıqlandırma sistemi parka xüsusi gözəllik verir. Burada 2 hektara yaxın ərazidə yaşıl örtük salınıb, sərv, kiparis, həmişəyaşıl ağacları, çəmənliklərdə xüsusi zövqlə çiçəklər əkilib. Heydər Əliyev adına park ağcabədililər və rayonun qonaqlarının ən sevimli istirahət ocağına çevrilib.

                         Prezident İlham Əliyev Ağcabədi şəhərinin mərkəzində yerləşən Üzeyir Hacibəyli adına 

Qarabağ Muğam Mərkəzinin fəaliyyəti ilə də tanış olub.

           

Dövlət başçısına məlumat verilib ki, 1,7 hektar ərazisi olan parkda yerləşən Qarabağ Muğam Mərkəzi 2008-ci ilin sentyabr ayında inşa olunub. Ümumi sahəsi 830 kvadratmetrə çatan mərkəzdə hər biri 155 yerlik qış və yay zalları fəaliyyət göstərir. Mərkəzin yerləşdiyi ərazidə  Üzeyir Hacıbəylinin büstü ucaldılıb. Dövlət başçısı dahi bəstəkarın büstü önünə gül dəstəsi qoyub. Büstün ətrafında Üzeyir Hacıbəylinin “Arşın mal-alan” və “O olmasın, bu olsun” əsərlərini təcəssüm etdirən  lövhələr quraşdırılıb. Mərkəzin binasının foyesində Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Azərbaycan muğamına hərtərəfli diqqət və qayğısını əks etdirən foto-guşə yaradılıb. Burada  Azərbaycanın tanınmış muğam ustadlarının,  Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilən müxtəlif muğam müsabiqələrinin qaliblərinin şəkilləri də öz əksini tapıb. Binada 9 sinif otağı fəaliyyət göstərir. Burada muğamın sirləri öyrədilən 2 orta ixtisas sinfi təşkil olunub. Muğam Mərkəzində Ağcabədi, Ağdam, Beyləqan, Laçın, Kəlbəcər, Oğuz və Bərdə rayonlarından olan 96 tələbə muğam dərsi alır. Həmin sənət ocağının yay zalı isə açıq konsertlərin təşkili üçün nəzərdə tutulub.  Burada keçirilən tədbirlər böyük razılıqla qarşılanır və zəngin təəssürat doğurur. Təkcə, son 5 ayda muğamsevərlərin böyük həvəslə üz tutduqları Muğam Mərkəzində 42 tədbir keçirilib. Dövlət başçısı Muğam Mərkəzinin tələbəsinin ifasında Qarabağ şikəstəsini dinləyib.

 Prezident İlham Əliyev Ağcabədi şəhərindəki Heydər Əliyev prospektində yerləşən və əsaslı təmirdən sonra istifadəyə verilən Yaqub Məmmədov adına  Rayon Mədəniyyət evində görülən işlərlə tanış olub 

          

 

Dövlət başçısına məlumat verilib ki, ötən əsrin 60-cı illərində inşa olunan rayon mədəniyyət evi son vaxtlaradək əsaslı təmir olunmayıb.  Prezident İlham Əliyevin 2008-ci ilin yanvar ayında  Ağcabədi rayonuna səfəri zamanı verdiyi tapşırıqlara müvafiq olaraq bu mədəniyyət ocağının əsaslı təmirinə başlanıb. Ətrafda yaşıllıqlar salınıb, dekorativ gül və ağac kolları əkilib, müasir işıqlandırma sistemi quraşdırılıb. 945 kvadratmetr sahəsi olan binanın fasadı isə tam yenilənib. Mədəniyyət evinin foyesində ulu öndər Heydər Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı fikirlərini əks etdirən yazılar əks olunub. Birinci mərtəbədə qonaq otağı, qrim otağı və 304 nəfərlik zal fəaliyyət göstərir. Zaldakı bütün texniki vəsaitlər və elektrik sistemi alman texnologiyasına əsaslanır. Səsləndirmə sistemi müasirliyi ilə fərqlənir. Binanın 2-ci mərtəbəsində isə texniki və iş otaqlar yerləşir. Burada müxtəlif dərnəklər də fəaliyyət göstərir. Dövlət başçısı mədəniyyət evinin özfəaliyyət dərnəyinin ifasını dinləyib.

 

 Ağcabədiyə səfəri çərçivəsində Prezident İlham Əliyev şəhərin Üzeyir Hacıbəyov prospektində yeni inşa olunan Şahmat Məktəbinin binasının açılış mərasimində də iştirak edib.

         

Dövlət başçısına məlumat verilib ki, rayonda 1983-cü ildən fəaliyyət göstərən Uşaq Gənclər Şahmat Məktəbinin əvvəlki binası yararsız hala düşmüşdü.  Ötən ilin iyun ayında şahmat məktəbinin yeni binasının tikintisinə başlanıb. Müasir üslubda inşa olunan bu tədris binası bir növ şahmat meydançasını xatırladır. Məktəbin həyətində açıq havada istənilən vətəndaşın belə sərbəst şəkildə şahmat oynaması üçün geniş sahə yaradılıb. İtaliyadan gətirilən, xüsusi texniki qulluq göstərilməklə yetişdirilən və şahmat fiqurları formasında olan kollar da binaya gözəllik verir. Binanın girişində qoyulan monitor vasitəsilə məktəbdə gedən yarışları canlı şəkildə izləmək mümkün olacaq. Ərazidə yaşıllıqlar salınıb, fəvvarə və müasir işıqlandırma sistemi quraşdırılıb. Orijinal dizaynlı, 2 mərtəbəli binanın birinci mərtəbəsində 8 sinif otağı var. İkinci mərtəbədə Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin idmana, o cümlədən, sahmata və şahmatçılara olan diqqət və qayğısını əks etdirən fotolardan ibarət stendlər qurulub. Ümumi sahəsi 148 kvadratmetr olan oyun zalı isə xüsusilə diqqəti cəlb edir. Burada eyni vaxtda 100-ə qədər şahmatçının iştirakı ilə yarış keçirilə bilər. Oyunların canlı izlənilməsi üçün zalda bir neçə müşahidə kamerası quraşdırılıb. Burada müxtəlif şahmat fiqurlarından və kompozisiyalardan ibarət xüsusi guşələr də yaradılıb. Bütün siniflər və yarış zalı şahmat taxtaları, saat və lazımi avadanlıqlarla təchiz olunub. Məktəbdə ayrıca  kompüter otağı da fəaliyyət göstərir. İnternetə çıxış dərslərin kompüter vasitəsilə keçilməsinə və bu sahədəki ən son yenilikləri qısa zaman çərçivəsində öyrənməyə şərait yaradır. Ağcabədi Şahmat Məktəbi respublika səviyyəli yarışlara da ev sahibliyi etməyə hazırdır. Ağcabədidə şahmata diqqətin artırılmasının məntiqi nəticəsi olaraq bu rayonun şahmatçıları son 3 il ərzində respublika şahmat turnirlərində 100-ə qədər medal, diplom və kuboka layiq görülüblər. 2008-ci ilin avqust ayında Bakıda keçirilən uşaq-gənclər şahmat məktəbləri komandalarının respublika birinciliyinin final mərhələsində iştirak edən Ağcabədinin qızlardan ibarət şahmat komandası isə uğurla çıxış edərək 3-cü yerə layiq görülüb. Fərdi yarışlarda Fərid Abdullayev, Əsmər Həsənov və Aysun Bədəlova fərqləniblər.

              Mayın 6-da Prezident İlham Əliyev Ağcabədi şəhərinin Hüsü Hacıyev küçəsində inşa olunacaq

205 çarpayılıq Mərkəzi rayon Xəstəxanasının təməlqoyma mərasiminə gəlib.


                                        

Səhiyyə naziri Oqtay Şirəliyev Mərkəzi Rayon Xəstəxanasının baş planı və layihələri əks olunan stendə baxan dövlət başçısına məlumat verdi ki, 4 hektar ərazidə tikiləcək xəstəxana 4 böyük və 3 əlavə yardımçı korpusdan ibarət olacaq. Xəstəxana ən müasir avadanlıqlarla təchiz ediləcək. Bu səhiyyə ocağının  ümumi sahəsi 26 400 kvadratmetr təşkil edəcək. 4 mərtəbəli xəstəxananın zirzəmisində çamaşırxana və mətbəx yerləşəcək. Birinci mərtəbədə qəbul, uşaq poliklinikası, ginekologiya və doğuş şöbəsi olacaq. Burada həmçinin laboratoriya, eləcə də, diaqnostika, otolarinqologiya  və digər şöbələr də fəaliyyət göstərəcək. 2-ci mərtəbədə observasiya şöbəsi, əməliyyat bloku, reanimasiya, intensiv terapiya və cərrahiyyə şöbələri yerləşəcək. Uşaq terapiya şöbəsi də burada fəaliyyət göstərəcək. 3-cü mərtəbədə isə palatalar,  uşaq terapiyası, tibbi bərpa mərkəzi, kardiologiya və terapiya şöbələri xəstələrin ixtiyarına veriləcək. Xəstəxananın 4-cü mərtəbəsində doğuş əməliyyat bloku, terapiya otaqları və konfrans zalı olacaq. Bu səhiyyə ocağı bir sıra özəllikləri ilə də fərqlənəcək. Belə ki,  burada xəstələrin təcili əməliyyatı və bir yerdən-başqa bir yerə aparılması üçün ayrıca helikopter xidməti fəaliyyət göstərəcək. Helikopter dayanacağı binanın üst qatında inşa olunacaq. Dünyanın ən  aparıcı xəstəxanalarında tətbiqini tapan bior sistem Ağcabədi mərkəzi rayon xəstəxanasında da reallaşdırılacaq. Xəstəxana Ağcabədi rayonun sakinləri ilə yanaşı  qonşu rayonların əhalisinə də xidmət göstərəcək. Ən son elmi-texniki yeniliklərin tətbiqini tapacaq xəstəxanada yüksək ixtisaslı tibbi kadrlar işləyəcək. Yeni xəstəxana barədə ətraflı məlumat alan Prezident İlham Əliyev bu səhiyyə ocağının təməlini qoyub. Dövlət başçısı bölgələrdə səhiyyə sisteminin daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Prezident İlham Əliyev mayın 6-da Ağcabədi şəhərində tikilən süd emalı zavodunun
 açılış mərasimində iştirak edib.

           

Dövlət başçısı zavodu  işə salıb.  Prezident İlham Əliyevə məlumat verilib ki, sutkalıq emal gücü 20-50 ton olan zavoda süd Ağcabədinin müxtəlif kəndlərindən gətirilir. Ətraf kəndlərdə 5 süd toplama məntəqəsi təşkil edilib. Məntəqələr soyuducu tank və mobil  generatorlarla təchiz edilib. Zavodun satış şəbəkəsi, müasir tələblərə cavab verən laboratoriyası və digər xidməti bölmələri var.    Müəssisənin istehsal sahəsində 50 işçi çalışır. Süd toplama məntəqələrində 20 işçi, satış şəbəkəsində isə 30 işçi çalışır. Zavodun istehsal  bölməsində müxtəlif adda çoxsaylı pendir, qatıq, dovğa, ayran, kəsmik, xama, kərə yağı və holland pendiri istehsal edilir. Holland pendirinin istehsalı avtomatlaşdırılmış qaydada həyata keçirilir. Bu məhsulların hər biri zavodda yaradılan ayrı-ayrı sexlərdə, gigiyenik qaydalara uyğun olaraq hazırlanır. Hər bir məhsul laboratoriyalarda müvafiq yoxlamalardan keçir. Sexlərdə quraşdırılan havalandırma sistemi ərazidə normal şəraitin təmin edilməsinə imkan yaradır. Zavodda süd və süd məhsullarının tərkibinin müəyyənləşdirilməsi və keyfiyyətinin ölçülməsi məqsədilə müasir standartlara cavab verən iki laboratoriya fəaliyyət göstərir. Hazır məhsullar laborator müayinədən keçdikdən sonra xüsusi anbarlara və soyuducu depoya yığılır. Yaxın gələcəkdə zavodda istehsal edilən məhsulların çeşidinin daha da artırılması nəzərdə tutulur.Zavodun fəaliyyəti ilə tanış olan dövlət başçısı tapşırıq və tövsiyələrini verib.

Ağcabədiyə səfəri çərçivəsində Prezident İlham Əliyev rayonunun Ağabəyli   kəndində inşa edilən
“Atena” süd məhsulları kombinatının açılış mərasimində iştirak edib.

           

                                      

 

Prezident İlham Əliyev zavodu işə salıb. Zavodun fəaliyyəti ilə tanış olan dövlət başçısına məlumat verilib ki, “Atena” süd emalı zavodunda Avropanın ən müasir istehsal avadanlıqları quraşdırılıb. Zavodda ilkin olaraq 42 çeşiddə süd məhsullarının istehsalı planlaşdırılır ki, gələcəkdə çeşidlərin 100-dək artırılması nəzərdə tutulur. Bildirildi ki, kombinatda emal prosesi tam şəkildə kompüterləşdirilib. Bütün proses vahid mərkəzdən idarə olunur. Mütəxəssislər kompüter vasitəsilə emal prosesini kənardan izləyirlər. Kombinatda süd, qatıq, kəsmik, pendir və digər məhsulların hər biri xüsusi şəraitdə hazırlanır və gigiyenik normalara uyğun şəkildə qablaşdırılır. İstehsal olunan məhsulların qablaşdırılması üçün tələb olunan taraların istehsalı zavodun özündə hazırlanır. Zavodun xammalla təmin edilməsi məqsədilə Ağcabədi və ətraf rayonlardan 21 süd qəbulu məntəqəsi təşkil olunub. Bu isə regionda fəaliyyət göstərən fermerlərin və ailə təsərrüfatlarının inkişafına təkan verəcək. Kombinatda bütün emal prosesi yüksək yüksək keyfiyyətli laborator avadanlıqlar vasitəsilə yoxlamadan keçirilir. Bu proses bir neçə dəfə təkrar olunur. O da qeyd olundu ki, “Atena” süd emalı və heyvandarlıq kompleksinin tikintisi üçün 5 milyon manat miqdarında dövlət tərəfindən güzəştli kredit verilib. Hazırda dövlət başçısının tapşırıqlarına uyğun olaraq süd emalı zavodunun xammalla təmin olunması məqsədilə heyvandarlıq kompleksinin yaradılması istiqamətində işlər aparılır. Bu layihənin icrası isə daha 115 nəfərin işlə təmin olunmasına şərait yaradacaqdır.Kombinatın fəaliyyəti ilə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib. Sonra Prezident İlham Əliyev müəssisənin konfrans otağında regionda olan iş adamları və mərkəzi yerli icra hakimiyyəti nümayəndələri ilə görüşüb.

 

                        Mayın 6-da Prezident İlham Əliyev yenidən qurulan Ağcabədi-Qaradolaq-Kəbirli 

avtomobil yolunun 24,5 kilometrlik hissəsinin açılış mərasiminə gəlib.


          

Dövlət başçısı yolun əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostendə baxıb. Prezident İlham Əliyev yolun üzərində yerləşən Qaradolaq, Yeni Qaradolaq, Aran, Kəbirli və Mehrablı kəndləri ərazisində təhsil, səhiyyə və mədəniyyət sahələri ilə bağlı görülən işləri də əks etdirən fotostendlə tanış olub. Məlumat verilib ki, ümumilikdə 11 minə yaxın əhalisi olan bu 5 kəndin hər birində 1 tam orta məktəb, 3 ümumtəhsil orta məktəbi, bağça, həkim ambulatoriyası, kitabxana, mədəniyyət evləri fəaliyyət göstərir. Bu yolun yenidən qurulması ilə kəndlərarası, o cümlədən yaşayış məntəqələri ilə rayon mərkəzi arasında əlaqələr asanlaşır.    Dövlət başçısı Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolunun 24,5 kilometrlik hissəsinin açılışında iştirak edib.Prezident İlham Əliyevə yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verildi. Qeyd olundu ki, uzun müddət istismara yararsız halda olan və bir sıra yaşayış məntəqəsini əhatə edən Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolunun bu hissəsi Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına yenidən qurulub.  Dördüncü dərəcəli iki zolaqlı yolun eni 6 metrdir. Yolboyu həm avtomobillərin, həm də piyadaların sərbəst hərəkəti üçün lazımi şərait yaradılıb və istiqamətverici işarələr qoyulub. Müasir standartlara cavab verən yolun giriş hissəsində abadlıq işləri aparılıb, magistral yoldan girişdə 1 ədəd, kəndarası yollarda isə 2 ədəd müasir tipli dayanacaq quraşdırılıb. Yol kənarında 30 minə qədər ağac və gül kolu əkilib, yaşıllıq zolağı salınıb. Ümumilikdə, yol boyunca 54 yol göstəricisindən də istifadə olunmaqla  6 körpü və ötürücü inşa olunub.  2010-cu ilin noyabr ayından inşasına başlanılan yolun tikintisində 80 nəfər işçi qüvvəsi və 40-dan çox texnikadan istifadə olunub. Dövlət başçısı sükan arxasına keçərək, yeni yolda avtomobili idarə edib.Prezident İlham Əliyev Qaradolaq kəndinin sakinləri ilə də görüşüb.

                                         

Dövlət başçısı yeni yolun çəkilməsi münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev Azərbaycan rayonlarında aparılan quruculuq-abadlıq işlərini yüksək qiymətləndirib, bütün məsələlərin həllini tapdığını söyləyib. Bildirib ki, bu gün regionlarda yeni müəssisələr yaradılır, yeni iş yerləri açılır, yollar çəkilir və yenidən qurulur. Dövlət başçısı ölkənin inkişafı istiqamətində aparılan işlərin davam etdiriləcəyini vurğulayıb.  Qaradolaq kəndinin sakinləri yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildirilər. Onlar Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədiklərini bildiriblər. Kənd sakinləri Azərbaycanın uğurlarını qeyd edərək, bu gün ölkəmizin bütün sahələrdə nüfuz qazandığını söyləyiblər.

            

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağcabədi rayonunda qaçqın və məcburi köçkün
 ailələri üçün inşa edilmiş yaşayış binalarından ibarət məhəllədə görülən işlərlə tanış olmuşlar.

        

Dövlət başçısı əvvəlcə məhəllənin baş planını əks etdirən stendə baxdı.

 Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verdi ki, dövlətimizin başçısının doğma yurdlarından didərgin düşmüş soydaşlarımıza diqqət və qayğısı sayəsində Ağcabədi rayonunda da çadır düşərgələri ləğv olunmuş, qaçqınlar və məcburi köçkünlər üçün yeni qəsəbələr salınmış, onların sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər görülmüşdür. Ağcabədi rayonunda 560 məcburi köçkün ailəsi üçün tikilən beşmərtəbəli on yaşayış binasından ibarət məhəllə bu tədbirlərin ardıcıl xarakter aldığını nümayiş etdirir. Qaçqınların və məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərindən və çadırlardan mükəmməl infrastruktura malik yeni qəsəbələrə köçürülməsi dövlətin bu insanlara həssas münasibətinin təzahürüdür. İndiyədək qaçqın və məcburi köçkünlər üçün ölkəmizin müxtəlif yerlərində bütün infrastruktura malik 70 qəsəbə salınmışdır. Bu qəsəbələrdə 20 min mənzil tikilmiş, 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülmüş, 130 təhsil, 50-dək səhiyyə, onlarca rabitə və mədəniyyət ocaqları istifadəyə verilmiş, su, elektrik, qaz xətləri, yollar çəkilmişdir.Məlumat verildi ki, ümumi sahəsi on hektar olan yaşayış massivində inşa olunmuş binalara Ağcabədi rayonunda müvəqqəti məskunlaşmış 560 məcburi köçkün ailəsinin köçürülməsi nəzərdə tutulmuşdur.  Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva hazır mənzilə baxdılar.

                                                   

 

 Bildirildi ki, bu binalardakı mənzillərdə yaşayış üçün maksimum şərait yaradılmışdır. Məhəllədə 360 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası inşa edilmişdir. Burada, həmçinin klub-icma mərkəzi, inzibati bina da tikilmişdir. Məhəlləni daimi elektrik enerjisi ilə təmin etmək məqsədi ilə transformator yarımstansiyası quraşdırılmış, sakinlərin içməli su tələbatını ödəmək üçün hər biri 500 kubmetr olan iki su anbarı inşa edilmiş, yeni su xətləri çəkilmişdir. Məhəllədə qazlaşdırma işləri aparılmış, qaz tənzimləyici məntəqə quraşdırılmışdır. Yol-küçə şəbəkəsi də yüksək səviyyədə qurulmuşdur.  Məhəllə ilə tanış olan dövlətimizin başçısı işlərin yüksək səviyyədə başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

24 dekabr 2011-ci tarixində Prezident İlham Əliyev 
rayonumuza yenidən səfər edib.

 Səfər zamanı lham Əliyev Taxta körpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün yeni yaşayış qəsəbəsinin açılışında iştirak etmişdir

                                                                

İlham Əliyev Ağcabədi rayonunda qaçqın və məcburi köçkün ailələri üçün inşa edilmiş yaşayış binalarından

 ibarət məhəllədə görülən işlərlə tanış olmuşdur.

Prezident İlham Əliyev 17 yanvar 2008-ci il tarixində 
Ağcabədi rayonunda səfərdə olub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva səfər zamanı Heydər Əliyev Mərkəzinin rəsmi açlış mərasimində iştirak edib. Rəsmi açlışı bildirən lenti kəsən dövlətimizin başçısı İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə  Mərkəzlə yaxından tanış olmuşlar.