Ağcabədi rayon Mərkəzi kitabxanası

Ağcabədi rayon MKS
Qeyri-maddi mədəni irsə dair informasiyalar
10 Avqust , 2016

Arazbar ellərinin bəzi söz düzümü.

Arazbar ellərinin bəzi söz düzümü:Arazbar ellərində deyərlər:”Yekə loxma ye,yekə söz danışma”.Bir dədə tapşırması var:”Ağlayanda elə ağla,əzizi ölmüş kimi,güləndə elə gül ki, əzizi gəlmiş kimi”.Deyərlər “Söz verib dilindən asılı qalma,söz deyəndə də çətənə kimi çırtlama”.Yenədə deyərlər: “Xeyir iş tut,şər iş qabağına çıxmasın” və ya “Bildiyini danış , bilmədiyin səni güdaza verər”...

Arazbar əhvalatları:Ötən çağlarda əri ölmüş bir dul arvad yaşayırmış.Bu arvadın bir oğlu ,bir qızı varmış. İkisidə evli idi.Arvad oğlu gildə qalırmış.Gəlini hər dəfə ona pay çəkəndə qabına altdan daş üstdən aş qoyarmış. Arvad da istəməzmiş ki, oğlunun evində söz-söhbət, qeyli-qal olsun.Ona görə də bu əhvalatları oğluna deməzmiş.Bu kimi hadisələrdən o,axırda bezarıyıb qızıgilə gedir.Sən demə , kürəkəni əzazilikdə gəlinindən heç geri qalmırmış .Günlərin bir günü kürəkən bazardan ət alıb evə gətirir.Girəvələyib ətin böyük bir parçasını qaynanasının cibinə qoyur.Arvadın bu işdən xəbəri olmur.Kürəkən əyilib əti dogramağa başlayır.Doğraya-doğraya donquldanır ki,bəs mən bazardan çox almışam ,niyə azalıb? Uşaqlar və arvadı and içirlər ki ,bəs bizim xəbərimiz yoxdur.Kürəkən başlayır evi axtarmağa.Qra-buranı axtarandan sonra gəlib yetişir qaynanasına.Arvadın üst-başını gəzib ət parçasını onun cibindən çıxarır. Heç nədən xəbəri olmayan arvad and içib aman eləyir ki,mən bu sinnimdə ət götürməmişəm.Yəqin uşaqlar qyub.Uşaqlarda daş atıb başlarını tuturlar .Kürəkən özündən çıxır:-Ay arvad ,heç ağ birçəyindən utanmırsan ? Niyə öz doğma qızının evindən ət oğurlayırsan?Ət lazımındır de ət verək. Arvad işin qurama olduğunu başa düşərək oğlu evinə qayıdır.Düşünür ki:-Altı daş, üstü aş, yenə də oğul yaxşıdır.

Rəvayət:

Ötən çağlarda Arazbar obalarının birində iki qardaş varmış .Valdeynlərindən qalan mirasa böyük qardaş yiyələnib evlənir.Gəlin evə ayaq basandan kiçik qardaşı gözümçıxdıya salır.Hər axşam qaynından ərinə şikayətlənir.O qədər hədyan danışırki,axırda kiçik qardaş başlnl götürüb qaçır.Aradan uzun müddət keçəndən sonra kiçik qardaş ata ocağı üçün bərk darıxır.Ayın-oyun alıb heybəsini dolduraraq düzəlir yolun ağına.Gəlib çıxır obalarına.Qonşuları kiçik oğlu tanıyıb böyük qardaşa muştuluğa qaçır.Qardaşını evdə tapmayıb gəlinlərini muştuluqlayır:-Gözlərin aydın ,qaynın gəlir! Gəlin halını pozmadan qayıdır:-Nəyimin qaynıdır,qayın qaynara düşsün.Qonşu pərt olsa da deyir: -Çiynində heybəsi var.Gəlin heybə sözü eşidən kimi dillənir:-Gəlir-gəlsin bizdən başqa kimi var ki?...

Arazbar gülü:

Qışdan yaza dönəndə Arazbar başdan-başa gül-çiçəyə bürünür.Dağ-daharın yamacları papaq-papaq güllərnən bəzənir.Qız-gəlinlər düzlərə daşdanır.Gül dərib dəmət bağlayırlar.Qoynu- qucağı gül-çiçəklə dolu qızlar evlərinə dönər.Birisi evdə xonça görüb qımışar.Ürəyi atlana-atlana bir bayatı pıçıldayır:

Bayatının zilindən, 

De,danış xoş günündən . 

Yardan bir xonça gəldi, 

Arazbarın gülündən. 

Sonra keçib ayna önünə özünə yeddi qələmlə süs verər.Doıu sənəyi boşaldıb bulağa

gedər.Yolüstü telini isladıb darayan adaxlısına göz-qaş eləyər.Adaxlısı bir azpəctdən,birazzildənbirbayatıçağırar: Mən aşığam həşəmdi, Dərmə gülü,həşəmdi. Arasbar tərlanıyam, Sona almaq peşəmdi. Elə ki,yazın beşi yetirər,el yaylağa köçər.Oğlan qoyun haylar,qız qalararanda.Yollara baxa-baxa darıxar. Dağçıdan bir lsmaric göndərər: Bir söz çıxdı dilimdən, Ayrı düşdün elimdən. Sən yaylaqdan qar göndər, Mən Arazbar gülündən. Beləcə Arazbar gülü sevgililər arasında şanlı məktuba dönər...

Bayat xanlığı haqqında

Bayat xanlığı Qarabağ xanlığının ilkin paytaxtı olub.1747-1748-ci illərdə ilk Qarabağ xanı Pənahəli xan Cavanşir bu qalanı Kəbirli mahalında tikdirmişdir.Qalanın divarı bişmiş kərpicdən idi. Qala xəndəklə əhatə olunmuşdur. XVIII əsrin 50-ci illərində şəkili Hacı Çələbi xan Bayat qalasına hücum etmiş,lakin oranı ala bilməmişdir.XIX əsrdə Boyat qalası demək olar ki,bütünlüklə dağıdılmışdır. Qala türk dilli oğuz tayfasının adı ilə əlaqədar olaraq belə adlanmışdır.IX-X əsrlərdə oğuzların tayfa ittifaqına başçılıq edən tayfalardan biri də Bayat idi.Bəzi mənbələrin verdikləri məlumatlara görə, Bayatlar oğuz tayfaları ilə IX əsrin ikinci yarısında Azərbaycana gəlmişlər. Eyni zamanda onlar İranda, Anadoluda, İraqda da yayılmışlar.Bayatların bir qismi Teymurilər dövründə Anadoludan köçürülən oğuzlarla geri qayıdarkən Azərbaycanda qalmışlar.

Ağcabədi haqqında bayatı

Ağcabədi sözünün mənası türk mənşəli ağ (torpaq) və ərəb mənşəli badiye (düzəngah,səhra) sözlərindən ibarətdir. Ağcabədi adı Ağcabadiye sözlərinin birləşməsindən əmələ dəlmişdir. Ağca “düzəngah “ mənasını ifadə edir. Bu isə rayon ərazisinin vaxtı ilə şorlanmış,duzlanmış ağ düzəngah sahədən ibarət olmasını sübut edir.Tarixi ədəbi mənbəlrdə də bu həqiqət göstərilir. XVII əsrdə yaşamış Sarı Aşığın bayatılarının birində deyilir:

Ağcabədi duz dağı, Ceyran gəzər düz-dağı, Yan keçdin,suya baxdın, Çəkdin mənə düz dağı.

Qarabağda avşarlar bir neçə oba halında və ayrı-ayrı obaların oymaqları halında yaşayırlar. Onlar haqqında çoxlu əfsanələr, rəvayətlər qoşulmuşdur. Artıq yüz illərdirki, bütün Qarabağda belə bir deyim sorğusu dillər əzbəridir: ”Deyəsən Avşar kimi süpürülmüş yerdən dava kağızı gəzirsən?...”

Kəhrizli haqqında

Kənd ağsaqqalarının dediklərinə görə,görkəmli yazıçı Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanımın atası Əhməd bəyin uzun illər övladı olmurmuş.Oda nəzir edirki, əgər uşağı olarsa, camaat üçün bir kəhriz qazdıracaq. Bir müddət sonra Həmidə xanım dünyaya gəlir,Əhməd bəy öz vədinə əməl edərək burada kəhriz qazdırır.O zamanlar ətraf kəndlərin heç birində kəhriz olmadığı üçün qonşu kəndlərin camaatı da suyu bu kəhrizdən götürərmiş. Elə həmin zamandan bu yaşayış məntəqəsi Kəhrizli adlanmışdır.

Həzrət Abbas ocağı

Rayon camaatının müqəddəs tapınaq,inanc yerlərindən biridə Ağcabədi şəhərindəki Həzrət Abbas ocağıdır.Bu ocaqla bağlı rəvayətdə deyilir: Keçmişdə bu ocağın yeri düzəngahlıq olub.Burada bir qoca arvad yaşayırmış. Bir gecə həmin arvada yuxuda deyirlərki, daxmanın ətrafında qədim, müqəddəs bir qəbir var. Ətrafına ağac sancmış, ora içində kimyə olan bir kasa qoymuşuq; o yerin adı Həzrət Abbas ocağıdır. Get bu barədə camaata danış... Arvad yuxusunu heç kimə danışmır. Gecə həmin yuxunu təkrar görür. Səhəri gün arvad yuxusunu ağsaqqallara danışır. Camaat gəlib görürki, doğrudan da, deyilən yerdə şam yanır. Camaat qəbrin ətrafını qarğı ilə hörürlər. Sonralar həmin yeri ocaqda oturan arvadın yaxın qohumu Ayna Cəfərqulu qızı Əmirova hasara aldırır. Ocağa uzun illər xidmət edərək özüdə müqəddəsləşmiş Ayna arvad camaata Həzrət Abbas məhəbbəti aşıladı. Elə o zamandan da xalqın ziyarətgahına çevrilən bu yer Həzrət Abbas ocağı və ya Ayna ocağı adı ilə tarixləşdi...

Ağcabədi haqqında rəvayət

Deyilənə görə Şah qoşunları soyuqlu bir gündə Ağcabədi ərazisinə gəlib Ağcabədi kəndinin kənarında düşərgə salır. Həmin ərazidə indiki Mollabinəsi deyilən yerdə kəndin qoca bir sakini , yeddi oğul anası olan bir qadın çör-çöp yığırmış. O,əsgərlərin yanından keçəndə onların üşüdüyünü görüb yazığı gəlir. Yığdığı odunu gətirib onlar üçün ocaq qalayır. Soyuqdan üşüyən əsgərlər qızınırlar. Bunu görən Şah Abbas arvadın bu işindən xoşllanır və onu yanına çağırtdıraraqsoruşur: -Neçə oğlun var ay arvad? Arvad qorxur .Elə bilir ki,oğlanlarını əsgər aparmaq istəyir.Heç olmasa oğlunun birini gizlətməyi qənimət bilərək: -Altı oğlum var deyir.Şah

bir-bir oğlanlarının adını soruşur. Arvad ən çox istədiyi balaca oğlunun adını gizləyir. Şah:-Arvad bu gündən oğlanlarının altısına dabəylik verdim deyir. İşin belə olacağını düşünməyən qoca qadın şahın bu sərəncamından sevinir və dərhal : -Şah başına dönüm ,oğlum yeddidir,birini deməmişəm.Şah:-Keçdi,şah keçəndən –deyib qəbul etmir.Həmin vaxtdan bu düşərgə yeri el arasında “Şah doqqazı “adı ilə, “Keçdi şah keçəndən” sözü isə bir zərbi məsəl olmaqla el arasında yaşayır.

Rəvayətlərin birində göstərilir ki,bu ərazidə yaşamış yunan qəbiləsinin başçısının Bədi adlı oğlu ilə I Şah Abbasın köçürmə siyasəti ilə əlaqədar bu yerlərdə ilkin məskunlaşan Sufi Məhəmmədin nəvəsi Ağca arasında olan məhəbbət məcarası Ağcabədi adının yaranmasına səbəb olmuşdur. Belə ki,Bədi xristian olduğundan Ağcanı təbii ki, qeyri-müsəlman olan bir oğlana vermirlər. Onların nakam məhəbbəti faciə ilə- hər ikisinin ölümü ilə başa çatır. Ağca və Bədinin adına xalq arasında əfsanələşən məhəbbəti həm də Ağcabədi adının yaranmasına səbəb olur.

Ağcabədi haqqında

I Şah Abbas başqa İran şahları kimi Azərbaycan ərazisinə öz yaxın adamlarından –şahsevənlərdən göndərib yerli əhali arasında öz nüfuzunu möhkəmlətməyə çalışır.Belə göndərilən şah adamlarından bir dəstəyədə əslən türk olan Sufi Məhəmməd başçılıq edir. Onlar bir dəstə adamla çox çətinliklə gəlib Ağcabədi ərazisinə çatır. Sufi Məhəmməd cavan adamlardan bir neçəsini uzaqda ağaran sahələrə göndərirki, su olub olmaması barədə bir xəbər gətirsinlər.Xeyli gözləyirlər ,lakin onlardan bir xəbər çıxmır. Sufi Məhəmməd özü məcbur olub dəstənin üzvüləri ilə bərabər həmin adamların dalınca gedir. Onlara çatdıqda göalənilməz bir halın şahidi olurlar.Məlum olur ki, gələn bələdçilərin bir neçəsi susuzluqdan həlak olub. Sən demə, su hesab etdikləri ağappaq sahələr başdan-başa duzluq sahələr imiş.Ona görə Sufi Məhəmməd belə bir ifadə işlədir:-Bu ağca yerlər nə yaman bəd yerlər imiş.Beləliklə, illər sonra həmin ifadədəki “ağca” və “bəd” el arasında bu yerlərin ilk adı –Ağcabədi kimi formalaşır.

Rəvayətlərin birində göstərilir ki,bu ərazidə yaşamış yunan qəbiləsinin başçısının Bədi adlı oğlu ilə I Şah Abbasın köçürmə siyasəti ilə əlaqədar bu yerlərdə ilkin məskunlaşan Sufi Məhəmmədin nəvəsi Ağca arasında olan məhəbbət məcarası Ağcabədi adının yaranmasına səbəb olmuşdur.Belə ki,Bədi xristian olduğundan Ağcanı təbii ki, qeyri-müsəlman olan bir oğlana vermirlər.Onların nakam məhəbbəti faciə ilə- hər ikisinin ölümü ilə başa çatır.Ağca və Bədinin adına xalq arasında əfsanələşən məhəbbəti həm də Ağcabədi adının yaranmasına səbəb olur.