Ağcabədi rayon Mərkəzi kitabxanası

Ağcabədi rayon MKS
Rayon haqqında
1 Mart , 2016

Ağ Göl

Ağcabədi rayonu ərazisində, Mil düzündə qeydə alınan qoruq belə adlanır.Yasaqlığın ərazisinə şor sulu Ağgöl və onu cənubdən əhatə edən sahil zonası daxildir. Yasaqlığın sahəsi 9173 hektardır. 1964-cü ildə təşkil edilmiş bu yasaqlıq (qoruq) buraya qışlamağa gələn quşları, o cümlədən, su quşlarını qorumaq məqsədi güdür. Yasaqlığın quru hissəsinin relyefi hündürlüyü 15-20 metrə çatan təpəli düzənliklərdən ibarətdir. Ağgöl yasaqlığı boz qaz, sultan toyuğu, qaşqa qaz, qu quşları, müxtəlif ördəklər və s. Ilə zəngindir. Ağgöldə çəki, külmə, suf və başqa növ balıqlar ovlanır.

Ağgöl dövlət qoruğu Ağcabədi rayonunun ən diqqət çəkən ərazisidir.Bu gölü Şor göl də adlandırırlar.Ağgöl öz suyunu Ağcabədi və Beyləqan rayonlarının kollektorlarından alır.Gölün ətrafının dayaz sahələrini qamışlıq basıb.Buranı su quşları özünə məskən seçib. Balıqçılıq təsərrüfatının yaradılması Ağ gölə olan diqqəti daha da artırıb.

Ağ göl parkı

Ağ göl Milli Parkı Ağcabədi rayonunun ərazisində yerləşir. Ağ göl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların, o cümlədən digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ag gölün qorunmasının beynəlxalq əhəmiyyəti vardır. Bu da göldə adları "Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahı"sına və Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır.

Ağ göl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeri olub, "əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında" Ramsar Konvensiyasının "Ramsar Siyahısı"na daxil edilmişdir. Ağ göl Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazisində yerləşir. Gölün qorunmasında ilk addım 1964-cü ildə 9173 hektar sahədə Ağ göl Dövlət Təbiət Yasaqlığı yaradılarkən atılmışdır.

1978-ci ilin 2 mart tarixində gölün 4400 hektara bərabər olan su ərazisinə ciddi qorunma statusu verilmiş və Ağ göl Dövlət Təbiət Qoruğu yaradılmışdır. 2003-cü ilin 5 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin 1298 saylı sərəncamı ilə Ağ göl Dövlət Təbiət Qoruğunun sahəsi 17924 hektara qədər artırılmış və Milli Parkın ərazisi yalnız bataqlıqlar deyil, həmçinin tipik- çöl və yarımsəhra landşaftlarından ibarət olmuşdur.

Ağ göl Milli Parkının yaradılmasının əsas məqsədi mühüm su-bataqlıq ərazilərini, həmin əraziyə xas olan yarımsəhra landşaftını, göldə və onun ətrafında məskunlaşmış, nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaq, ərazi üçün xarakterik olan bəzi fauna növlərini keçmiş ərazilərinə reintroduksiya etmək, eləcə də ətraf mühitin monitorinqini, əhalinin ekoloji cəhətdən maarifləndirilməsini və ekoturizmin inkişafını təmin etməkdir. Ağ gölün dərinliyi 0,5-2,5 metr arasında dəyişir. Göl əsasən qamışlıqlarla əhatə olunmuşdur.

Ağ gölün suyunun səviyyəsi yay mövsümündə azalaraq ən aşağı həddə çatır. Milli parkın ərazisində yayı quraq keçən yarımsəhra və quru bozqır torpaqların mülayım isti iqlim tipi hakimdir. Belə iqlim şəraiti burada quşlar və məməlilərin məskunlaşması üçün əlverişli şərait yaradır.

Ağ göl Milli Parkı üçün yarımsəhra, şorlaşmış torpaq və göl şəraitinə uyğunlaşmış bitki örtüyü səciyyəvidir. Ərazidə bitki növlərindən əsasən duzlaq çoğanı, qışotu qamışı, şahsevdi, sarıbaş qaraşoran, yovşan və sair yayılmışdır.

Burada suda quruda yaşayan heyvanlardan yaşıl quru qurbağası, kiçik asiya qurbağası və göl qurbağasına rast gəlinir.

Ərazidə sürünənlərdən Aralıq dənizi tısbağası, xəzər tısbağası, koramal, zolaqlı kərtənkələ, adi su ilanı, qızıl təlxə, xaltalı eyrenis, gürzə və sair növlər yayılmışdır.

Ağ göl Milli Parkında quşlardan mərmər cücə, bəzgək, qara leylək, böyük və kiçik qarabattaqlar, harayçı fısıldayan qu quşları, misir vağı, çobanaldadan, çöyük su fərəsi, sultan toyuğu, ərsindimdik, qıvrımələk, ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz, yaşılbaş ördək, qazlar və sair məskunlaşmışdır. Milli Parkın ərazisində məməli heyvan növlərindən canavar, çaqqal, çöl donuzu, tülkü, dovşan və müxtəlif yarasalara rast gəlinir.

Kür –Araz ovalığında yerləşən Ağ göl Milli Qoruğu Ordubad, Hirkan və Şirvandan sonra istifadəyə verilən 4-cü Milli Parkdır.